Üç dəfə sürgün yollarına
düşən rəssam...
Boyakarlıq
və qrafika ustası
Azərbaycan
rəssamlıq sənətinin görkəmli nümayəndələrindən
biri olan Ələkbər Rzaquliyev boyakarlıq və qrafika
üslubunda işlənmiş gözəl əsərlərin
müəllifidir. Görkəmli rəssamın əsərləri
dünyanın müxtəlif muzeylərində saxlanır. Ələkbər
Ələsgər oğlu .Rzaquliyev 31 yanvar 1903-cü ildə
Bakıda anadan olmuşdur.
“Uşaq yaşlarından şəkil
çəkməyi çox sevərdi, bu onun ən sevimli məşğələsi
idi. Əlindən daha başqa iş gəlmirdi. Moskvada Ali bədii-texniki
emalatxanaları bitirmişdi. Tələbələr
arasında çoxlu dostları var idi. Yaxşıları da
vardı, pisləri də.
Doğma Bakıya qayıdandan sonra
özünü bütünlüklə rəssamlığa həsr
elədi. Siyasət-filan onu bilmərrə
maraqlandırmırdı. Amma deyir sən
saydığını say gör fələk nə sayır.
Tale ondan necə üz döndərdi, bilmədi. Bir də
ayılıb gördü ki, onu birbaşa Uzaq şimala
sürgün eləyiblər... Nə az, nə çox iyirmi
beş illiyə! Bu nə müsibət idi görəsən?"(Çingiz
Kərimov).
O, yaradıcılığının ilkin
mərhələsində inqilabdan əvvəlki Azərbaycan həyatının
xarakterik mənzərələrini əks etdirən
boyakarlıq əsərləri çəkmişdir. Bunlara “Azərbaycanlı
qadın”(1926), “Pəhləvanlar”(1926), “Mollaxana”(1927) kimi əsərləri
göstərmək olar. Təəssüf ki, rəssamın
maraqlı işlərindən biri olan “Mollaxana” və digər
qiymətli əsərlər itib. Yaxşı ki, rəssamın
arxivində “Mollaxana”nın çap edildiyi jurnaldan kəsilmiş
parça qalıb.
Yaradıcılığı boyunca daha
çox qrafika sahəsində fəaliyyət göstərən
Rzaquliyev “Köhnə Bakı” silsiləsi (1958-72), “M.Ə.Sabir”
(1963), “Bakılılar Berlində” (1968), “Çaybecərənlər”
(1972), “Azərbaycan madonnası” (1973) və s. linoqravüralar
yaratmışdır.
Acı bir tale yaşamış, 37-ci illər
repressiyalarında üç dəfə sürgünə
göndərilmiş rəssamın həyatı əsl roman
mövzusudur. Ələkbər
Rzaquliyevi bütün repressiya qurbanları kimi pantürkist
ideyalarını yaymaqda günahlandırmışdılar.
1928-ci ildə bu ittihamla həbs olunmuşdu. O dövrün
“qayda-qanunu” məlum idi. Türkiyəni sevənləri ən
yaxşı halda uzaq Sibirə sürgün gözləyirdi.
Ələkbər Rzaquliyev də
türkçü dostu Ibrahimlə yaxınlığına
görə “xalq düşməni” elan olunmuşdu. Qurama
ittihamla altı il sürgünə məhkum edilən gənc
Ələkbər soyuq Arxangelskə göndərildi.
Birinci sürgündən sonra rəssam
Bakıya qayıdıb evlənmişdi. Bir müddət sonra
həyat yoldaşı Sona da ərinin arxasınca Arxangelskə
getdi. Tezliklə onların Ədilə adlı bir
qızları dünyaya gəldi. İlk sürgün həyatından
geri döndükdən sonra Ələkbər Bakıda təsadüfən
bolşeviklərin lideri Ruhulla Axundovla
qarşılaşmışdı. Axundov onun bu tezliklə
qayıtmasına təəccüblənib göstəriş
vermişdi ki, onu yenidən sürgünə göndərsinlər.
Ələkbər Rzaquliyevi həbs edib soyuq Şimala, Solovkiyə
yola saldılar.
Acı
sürgün xatirələri...
“Sürgün zamanı məni bir təsadüf
nəticəsində ağqvardiyaçılarla bir zirzəmiyə
salmışdılar. Səhər həbsxana rəisi gəlib
siyahını oxudu. Məlum oldu ki, adları çəkilənlər
güllələnməlidirlər. Amma mənim adım bu
siyahıda yox idi.
Həbsxana rəisi üz-gözünü
turşudub mənə baxdı və xəbər aldı:
- Sən kimsən? Niyə sən hələ
burdasan?
- Mən rəssamam. Siz mənim
adımı çəkmədiniz.
Rəis heyrətləndi və məni
vurub bərkdən qışqırdı: “Rədd ol burdan!”
Beləcə, mən gəlib
düşdüm Solovkiyə. Bu elə bir yer idi ki, burdan o yana
yol yox idi. Geriyə qayıtmaq hər adamın hünəri
deyildi. Əvvəlcə mən yaman aclıq keçirirdim,
amma tezliklə başa düşdüm ki, nəyin bahasına
olur-olsun birtəhər sağ qalmalıyam. Meşədən
quş yuvaları tapıb yumurtalarla qidalanmalı olurdum.
Bütün bunlar bir keşiş mənə küfrlük
etdiyimi deyənəcən davam etdi. Qısa sorğu-sualdan
sonra o, mənə monastrda yaşamağı təklif etdi.
Amma bu,
uzun sürmədi...
Tezliklə məni Tayqaya, taxta-şalban kəsməyə
göndərdilər və mən burada barmağımı əzdim.
Tayqada hamı ölümə məhkum idi"(Ə.Rzaquliyevin
xatirələrindən).
Ə.Rzaquliyev həyatının az qala
yarısını düşərgələrdə
keçirib. Ikinci sürgündən qayıtdıqdan sonra Ələkbər
Rzaquliyev ailəsini götürüb Azərbaycanın
şimal-qərb rayonlarında, öz ev-eşiyindən uzaqda
yaşamalı oldu.
Yazılı mənbələrdə rəssam
haqqında əldə edə biləcəyimiz yeganə mənbə
Ç.Kərimovun məqaləsi oldu. Məqalədə rəssamın
qızı Ədilə xanımın
xatırladıqlarına yer verilir:
“Hökumət onun Bakıda
yaşamasını istəmirdi. Biz əvvəlcə Gəncədə,
sonra da Şəkidə yaşamalı olduq. Yadımdadı, o
vaxtlar Şəkidə ipək kombinatı işləyirdi.
Atam onlarçün eskizlər eləyirdi. Eyni vaxtda məktəbdə
də dərs deyirdi.
Bir dəfə evdə atam və babamla
oturmuşdum. Elə bu vaxt bizə Bəhram adlı
yaraşıqlı bir kişi yaxınlaşdı. O, Gəncə
teatrında rejissor işləyirdi. Bəhram atama
yaxınlaşıb onun ayaqlarına yıxıldı: “O illər
üçün, o sözlər üçün məni
bağışla!”. Amma atam ona cavab verməyib,
üzünü çevirdi.
Babam bütün bunları görüb,
atama dedi: “Ələkbər, görmürsən o, səndən
üzr istəyir?”. Atam cavabında dedi: “Yox, mən onu
ömrümdə bağışlamaram, Onun sözlərinə
görə mən bütün ömrümün, demək
olar, yarısını sürgünlərdə
keçirmişəm”.
Üçüncü
sürgünə doğru yol...
Amma işgəncə bununla bitmədi.
1949-cu ildə ikinci qızı Sevil dünyaya gələndən
sonra Ələkbər Rzaquliyevi yenidən həbs eləyib, bu
dəfə uzaq Altay ölkəsinə sürgünə
göndərdilər. O, sürgündə Berta adlı bir
alman qadınıyla evləndi. Ikinci Dünya müharibəsi
başlananda, Bertagilin ailəsi Saratovdan bura sürgün
olunmuşdular.
Onun Bertadan iki oğlu - Oqtay və
Aydın, bir də qızları Sevda dünyaya gəldi.
1956-cı ildə Ələkbər
Rzaquliyev sürgündən qayıtdı. Stalin
repressiyaları dövrünə son qoyuldu. 60-cı illərin
sonunda Berta və uşaqlarına Ələkbərlə Azərbaycanda
yaşamağa icazə verdilər. Həyatın ağır zərbələrinui
alan Ələkbər Rzaquliyev ömründə cəmi iki rəngli
şəkil çəkib - “Azərbaycanlı qız” və
“Güləşçilər”... Qalanları iki rəngdədi:
ağ və qara... Lap öz həyatı kimi...
Sonralar, 60-cı illərdə, rəssam
yaddaşı əsasında kompozisiya və obraz quruluşuna
görə 20-ci illərin rəsmini xatırladan “Köhnə
məktəb” linoqravürünü çəkib. Dieqo Rivera
Moskvada olarkən, onun rəsmlərini görüb deyir: “Bu gəncə
deyin ki, o düzgün yol seçib, qoy belə işləməyə
davam etsin”.
Qızı Ədilənin xatirələrindən:
“O daim işlə məşğul idi.
Sürgün illəri onun çox vaxtını
almışdı. Ona görə də itirdiklərini təzədən
yerinə qoymaq istəyirdi. Ələkbər Rzaquliyev yorulmaq
bilmədən özünün ağ-qara linoqravürlərini
yaradırdı. Köhnə Bakı elə bil təzədən
canlanırdı. Neçə illərin yaddaşı
kağıza köçürdü”.
Sənətkar
yaradıcılığı müddətində Azərbaycanın
əməkdar rəssamı (1964) adına və bir sıra
nüfuzlu mükafatlara layiq görülmüşdür.
Ələkbər
Rzaquliyev 31 yanvar 1974-cü ildə Bakıda vəfat
etmişdir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun
maliyyə dəstəyilə çap edilir.
Azadlıq.-
2013.- 3 iyun.- S.14.